«BAKI UNİVERSİTETİ» NƏŞRİYYATININ TARİXİ
Tarixi Bakı Dövlət Universitetinin yaranması ilə sıx bağlı olan «Bakı Universiteti» nəşriyyatı redaksiya-nəşriyyat şöbəsi kimi fəaliyyətə başlamışdır. Keçən əsrin 20-30-cu illərinin ictimai-siyasi həyatındakı proseslər, müharibə dövrü və müharibədən sonrakı illərin çətinlikləri «Bakı Universiteti» nəşriyyatının fəaliyyətində acılı-şirinli rol oynamışdır. Universitetin dövrü elmi orqanları 1921-ci ildən çıxmağa başlamış «Xəbərlər» və 1924-cü ildən nəşr olunmuş «Nəzəri və praktik təbabət» jurnalları idi. 1921-ci ildə «Bakı Dövlət Universitetinin xəbərləri»nin iki yarımcildi buraxılmışdı. Birinci yarımcild təbiətşünaslığa və təbabətə, ikinci isə humanitar elmlərə həsr olunmuşdu. 1922-ci ildə «Bakı Universitetinin xəbərləri»nin ikinci nömrəsi və birinci yarımcildi (təbiətşünaslıq və təbabət) çapdan çıxmışdı.
Nəşriyyatın fəaliyyəti müxtəlif obyektiv və subyektiv səbəblər üzündən bir neçə dəfə bağlanmış, lakin ziyalı təbəqələrin təkidi sayəsində yenidən açılıb fəaliyyətini davam etdirmişdir. Universitetin nəşriyyatı növbəti dəfə 1961-ci ildə bağlandı, lakin onun qrifi ilə çap olunan kitablar artıq bütün respublikada tanınırdı.
1961-ci ildə nəşriyyatda köhnə qayda ilə yalnız universitetin elmi xəbərləri, tədris proqramları, metodiki göstərişlər, kiçik həcmli monoqrafiyalar və s. çap edilirdi.
Respublikada yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi, onların dərslik, dərs vəsaitləri və başqa ədəbiyyatlarla təchiz edilməsi məqsədilə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali və Orta Ixtisas Təhsil Nazirliyi və Azərbaycan SSR Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Işləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq 24 yanvar 1984-cü il tarixində universitetin fəaliyyətdə olan redaksiya-nəşriyyat şöbəsinin əsasında yeni universitet nəşriyyatının yaradılması haqqında 24/p №-li sərəncam verdi. Bu sərəncama əsasən həmin ilin fevral ayından etibarən yeni nəşriyyatın təşkilati işlərinə başlanıldı və Respublika Ali Təhsil Nazirliyi və universitet rektorluğunun qərarı ilə nəşriyyatın köhnə binasının (keçmiş Kommunist küçəsi, 6) istifadə üçün yararsız olması ilə əlaqədar nəşriyyata mətbəə üçün əlavə yararlı sahə ayrıldı.
Lakin həmin sahə də yeni nəşriyyatın normal fəaliyyəti üçün kifayət etmirdi. Odur ki, 20 sentyabr 1984-cü il tarixdə universitet nəşriyyatının daha səmərəli işləməsini təmin etmək, onun müasir elmi-texniki tələblərə uyğun yenidən qurulmasına, yeni alınmış poliqrafiya avadanlıqlarının əlverişli sahədə yerləşdirilməsinə və nəşriyyatın tam məhsuldar işləməsinə nail olmaq məqsədilə universitetin yeni tikilən tədris binasında yer ayrıldı. 1985-ci ildə universitet nəşriyyatının 3 ədəd poliqrafiya maşını var idi. Bunlar alimlərimizin çap məhsullarına olan ehtiyacını müəyyən qədər ödəsə də, nəşriyyatın tam fəaliyyəti məhdud çərçivədə qalırdı. Yeni yaradılan nəşriyyatın əsaslı fəaliyyəti üçün, ilk növbədə, müasir tələblərə cavab verən poliqrafiya bazası olmalıdır.
13 mart 1987-ci ildə Sov. IKP MK-nın və SSRI Nazirlər Sovetinin qəbul etdiyi «Ali təhsilli mütəxəssislərin hazırlanması və xalq təsərrüfatında istifadə olunmasının köklü şəkildə yaxşılaşdırılması tədbirləri haqqında» qərarında ümumittifaq və respublika əhəmiyyətli nəşriyyatların açılması, eyni zamanda mövcud nəşriyyatların işinin yenidən qurulması kimi təxirəsalınmaz vəzifələr irəli sürüldü. O illərdə keçmiş ittifaq üzrə 10 nəşriyyat açılmışdı ki, onlardan biri də «Bakı Universiteti» nəşriyyatı («Azərbaycan Universiteti» nəşriyyatı) idi. Həmin qərara müvafiq olaraq respublika rəhbərliyi və Təhsil Nazirliyi 1987-ci ilin may ayında çağırdıqları kollegiyada uğurlu addımlardan birini atdılar, Mərkəzi Komitə və Nazirlər Sovetinin qərarı ilə respublika əhəmiyyətli ikinci dərəcəli nəşriyyat kimi fəaliyyətini davam etdirən «Bakı Universiteti» nəşriyyatının yeni iş strukturu, maliyyə sistemi də həmin qərarda öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, «Bakı Universiteti» nəşriyyatı respublika təhsil sistemində öz mətbəəsi olan yeganə nəşriyyat idi.
1980-ci illərdə artıq respublika nəşriyyatları arasında ilk dəfə olaraq «Bakı Universiteti» nəşriyyatında kompüter bürosu yaradılmış, ofset çap üsuluna keçmək üçün irəliyə doğru addım atılmışdır.
1988-ci ildən bəri «Bakı Universiteti» nəşriyyatının qrifi ilə çap olunan müxtəlif mövzuları əhatə edən tədris ədəbiyyatlarının bir çoxu artıq Azərbaycan dilində ilk dəfə işıq üzünü bu nəşriyyatda gördü: «Azərbaycan tarixi üzrə qaynaqlar», «Bakı Universitetinin tarixi», «Ixtisasa giriş», «Ərəb ölkələri coğrafiyası», «Cinayət hüququ», «Ailə hüququ», «Əski türk yazılı abidələri müntəxəbatı», «Türk dili», «Tarixi, coğrafi və iqtisadi Azərbaycan», «Kvant mexanikası», «Geodeziyanın əsasları və topoqrafiyası», «Biotexnologiyanın əsasları», «Möcüzəli sistem» və s.
Bu çap məhsulları öz dəst-xətləri, sanbalları ilə eyni profilli, digər nəşriyyatların məhsullarından kəskin şəkildə fərqlənməyə başlamışdır. Yarandığı dövrlərdən «Bakı Universiteti» nəşriyyatına onun nəzdində fəaliyyət göstərən mətbəəyə müxtəlif illərdə Fərhad Zeynalov, Əjdər Babazadə, Adil Abdullayev, Abuzər Ismayılov, Ağamusa Zeynalov, Bəhram Cəfərov, Kərim Həsənov, Balakişi Ağayev rəhbərlik etmişlər.
2006-cı ildən «Bakı Universiteti» nəşriyyatına Islam Şirinov rəhbərlik edir.
Respublikamız müstəqilliyini yenidən bərpa etdiyi vaxtdan «Bakı Universiteti» nəşriyyatının da həyatında dəyişikliklər baş verdi. Xalqımızın keçirdiyi ağır vəziyyət nəşriyyatın da həyatından yan ötmədi. Nəşr etdiyi kitablar əhəmiyyətli olsalar da, keyfiyyətcə, poliqrafik cəhətcə getdikcə günün tələblərinə cavab vermirdi. Bu da onun maddi-texniki təchizatının aşağı olması ilə, yeni poliqrafiya avadanlıqlarının olmaması ilə bağlı idi.
2005-ci ildən nəşriyyatın həyatında növbəti dönüş yarandı. BDU-nun rektoru akad. A.M.Məhərrəmovun sərəncamı və rəhbərliyi ilə «Bakı Universiteti» nəşriyyatının yerləşdiyi sahə müasir tələblərə uyğun təmir edildi. Nəşriyyat müasir dizaynlı mebellərlə, kondensasiya qurğuları ilə təchiz olundu.
«Bakı Universiteti» nəşriyyatının maddi-texniki baza gücləndirilmiş və günün tələblərinə uyğun yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, hazırda nəşriyyatda istehsalat sahəsində aşağıdakı avadanlıqlardan istifadə edilir:
1) Yaponiya istehsalı olan ikirəngli «Komori» tipli ofset çap maşını;
2) Almaniya istehsalı olan «Multieffekt» vərəqqatlayan maşın;
3) «Poni» tipli yapışqanla blok hazırlayan maşın;
4) «Remark» tipli üzçıxaran maşın;
5) «Remark» tipli formayuyan maşın.
«Bakı Universiteti» nəşriyyatı iki redaksiya, kompüter şöbəsindən, yeni poliqrafik avadanlıqlarla təchiz olunmuş istehsalat sahəsindən ibarətdir.
Qeyd etmək lazımdır ki, «Bakı Universiteti» nəşriyyatının yenidən təmir edilməsi, müasir poliqrafik avadanlıqlarla təchiz olunması, çap məhsullarının yüksək keyfiyyətliliyinə, vaxtında nəşr olunmasına böyük zəmin yaratmışdır. Heç də təsadüfi deyildir ki, ötən illərlə müqayisədə «Bakı Universitetinin Xəbərləri» jurnalı vaxtında işıq üzü görür. Bu da respublika alimləri, mütəxəssisləri tərəfindən razılıqla qarşılanır.
Hazırda «Bakı Universiteti» nəşriyyatının qrifi ilə çap olunan kitablar keyfiyyət və poliqrafiya baxımından respublikanın digər nəşriyyatlarında nəşr edilən kitablardan heç də geri qalmır, əksinə, onlardan keyfiyyət və kəmiyyətcə daha üstündür.
Fərəhləndirici haldır ki, Islam Şirinovun nəşriyyata rəhbərlik etdiyi son iki il ərzində «Bakı Universiteti» nəşriyyatında müxtəlif proqramlar, metodiki göstərişlər və dərs vəsaitləri ilə yanaşı, 50-dən artıq adda ali məktəb dərsliyi çap edilmişdir. Nəşriyyatda çap olunan «Kimya» (A.M.Məhərrəmov, R.Ə.Əliyeva, T.Ə.Mahmudov, F.M.Çıraqov), «Türk dili» (Ə.Rəsulov, R.Rüstəmov), «Türk ədəbiyyatı tarixi» (Aydın Abi Aydın), «Azərbaycanda kitabxana işinin tarixi» (A.Xələfov), «Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri» (Ə.Əliyev), «Üzvi kimya» (A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev), «Azərbaycan uşaq ədəbiyyatı» (Q.Namazov), «Klassik astronomiya» (C.M.Quluzadə), «Radiofizika» (B.Davudov, K.Daşdəmirov), «Müasir Azərbaycan ədəbiyyatı» (C.Abdullayev və b., 2 cilddə), «Üzvi kimya» (A.M.Məhərrəmov, M.N.Məhərrəmov), «Analitik kimyanın əsasları» (R.Ə.Əliyeva, F.M.Çıraqov), «Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı» (V.M.Babazadə, V.G.Ramazanov, T.N.Nəsibov, A.I.Xasayev, B.H.Qələndərov, Z.I.Məmmədov), «Termodinamik statistika» (B.Əsgərov), «Kvant mexanikası» (A.I.Muxtarov), «Petroqrafiya» (V.M.Babazadə, N.M.Məmmədov, N.Ə.Imamverdiyev), «Toponimika» (N.G.Məmmədov), «Insan və heyvan fiziologiyası» (Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova), «Bitki fiziologiyası» (N.A.Qasımov), «Maqmatik proseslərin geokimyası» (N.Imamverdiyev), «Kimyəvi rabitə» (T.H.Quliyev), «Kristalloqrafiya və kristallokimya» (A.Məhərrəmov, M.Çıraqov, K.Rəhimov, A.Şirinova), «Landşaftşünaslığın əsasları» (M.Süleymanov, I.Əliyeva), «Mikologiya» (A.Ibrahimov, Z.Abdulova, L.Mehdiyeva), «Yaxın və Orta Şərq ölkələrinin iqtisadi-sosial coğrafiyası» (N.Sultanova, C.Məmmədov), «Təbiətdən istifadənin hüquqi əsasları» (A.Dolxanov), «Azərbaycanın xarici siyasəti» (Ə.Əmirov), «Xarici əlaqələr hüququ» (N.A.Qasımova) və s. dərsliklər və dərs vəsaitləri yüksək poliqrafik tərtibatı və keyfiyyəti ilə seçilirlər.
«Bakı Universiteti» nəşriyyatı 2007-ci ildə III Respublika Kitab satışı sərgisində iştirak etmiş və 1 «Diplom» və 1 «Şəhadətnamə»yə layiq görülmüşdür. Eyni zamanda 2008-ci ilin I rübündə Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmovun təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində «Bakı Universiteti» nəşriyyatının çap etdiyi dərsliklərin sərgi-satışı yüksək səviyyədə keçirilmişdir. Bu da KIV-də geniş işıqlandırılmışdır.
2008-ci ildən etibarən Bakı Dövlət Universitetinin orqanı olan «Bakı Universiteti» qəzeti də artıq «Bakı Universiteti» nəşriyyatında çap edilməyə başlamışdır.
Bakı Universiteti Nəşriyyatının əməkdaşları
DİREKTOR
REDAKTOR
KOMPÜTER
İmanova Azadə Mirzəhüseyn qızı
İSTEHSALAT SAHƏSİ
