Search

Axtarış

BAKI UNİVERSİTETİ QƏZETİ

Əsası 1929-cu ildə qoyulan «Bakı Universiteti» qəzeti 1947-ci ildən mütamadi olaraq nəşr olunur. 1990-cı ilə qədər «Lenin tərbiyəsi» uğrunda adı ilə, Azərbaycan və rus  dili olmaqla iki dildə işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib. Bu illər ərzində «Bakı Universiteti» qəzetində Azərbaycanın ən tanınmış jurnalistləri və elm adamları ilk qələm təcrübələrini qazanmışlar. 80 ildir ki, qəzet sanki doğma universitetimizin həyatını seyr edir, onun acılı-şirinli, kədərli  - təntənəli günlərini tarixin yaddaşına köçürür.

Şərqin ilk Demokratik Cümhuriyyəti ilə həmyaşıd, tədris ocaqlarımızın özəyi olan universitetimizdə keçirilən elə bir ictimai-siyasi tədbir, maraqlı təşəbbüs yoxdur ki, «Bakı Universiteti»ndə əksini tapmamış olsun.

Təlim-tərbiyə işinin müxtəlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tərbiyə işinin səviyyəsini yüksəltmək, onlarda dostluq, yoldaşlıq hisslərini aşılamaq, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, nəzərə çarpan qüsurların aradan qaldırılmasında universitet rəhbərliyinə yaxından kömək göstərmək, universitetin rəngarəng həyatın, təlim-tərbiyə sahəsindəki uğurları, laboratoriya və kafedralarda aparılan elmi-tədqiqat işlərini, mədəni-kütləvi tədbirləri, tələbə məişətini dolğun işıqlandırmaq qəzetin qarşısında duran mühüm vəzifələrdir.

Bununla yanaşı, alimlərin əməyinin qiymətləndirilməsi, onlara dövlət mükafatlarının, fəxri adların verilməsi barədə dərc edilən yazılar tərbiyəvi xarakter daşıyır.

Müxtəlif rubrikalar və janrlarda professor-müəllim və tələbələrin gündəlik həyatı işıqlandırılır. Alimlərimiz müntəzəm olaraq qəzetin səhifələrində çıxış edirlər. Qəzetin bir sıra rubrikalarında universitet rektorluğunun fəaliyyəti, tədris prosesi, dərslik və dərs vəsaitlərinin vəziyyəti, laboratoriyaların, komputer mərkəzinin, elmi kitabxananın, universitet nəşriyyatının, yataqxanaların şəraiti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzündən BDU-nun tələbə odalarında məskunlaşan məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərdən məlumat verilir. Təcrübəli məllimlərin iş üsulu, gənc alimlərin elmi fəaliyyəti, fakültə və kafedralarda görülən elmi-tədqiqat işləri, Təhsilin Avropa standartlarına uğunlaşdırılması, Boloniya prosesinə qoşulma ilə bağlı yazılar vaxtaşırı olaraq qəzetin səhifələrində dərc olunur.

Respublikamıza gələn xarici ölkələrin başçılarının, siyasi xadimlərin universitet kollektivi ilə görüşü, rektorun iştirak etdyi bütün tədbirlər, tələbələrin arzu, təklif və tənqidi qeydləri də qəzetdə öz əksini tapır. Bir sözlə, qəzetdə günün aktual məsələləri, universitetdə gedən yenidənqurma, təmir-tikinti və abadlıq işləri barədə maraqlı məqalələr, şərhlər, reportajlar, xəbərlər dərc edilir.

Hər ay oxucuların görüşünə gələn «Bakı Universiteti» qəzetində Solmaz Babaşova, Aynur Qurbanqızı, Tamella Müslümova, Kəramət Böyükçöl, Salam Muxtarov kimi peşakar jurnalistlər, qələm sahibləri, texniki işçilər çalışır. 2010-cu ilin martından qəzetin baş redaktoru Anzulə Əmirovadır.

QAZETİN NÖMRƏLƏRİ

Bookmark and Share